az en ru
Home Mail
Tel: (+994 12) 598 44 88

Fax: (+994 12) 497 11 01
Xəbərlər 
2007-08-28
"Azərbaycanda əmanətlərin sığortalanması əhalinin bank sisteminə etimadını artıracaq"

"Rabitəbank" Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədr müavini Elçin Qədimovun "APA-Economics"ə müsahibəsi.

- Bu yaxınlarda həm əmanətçilər, həm də bank təşkilatları üçün əlamətdar bir hadisə baş verib - əmanətlərin sığortalanması prosesinə start verilib. Bank sahəsinin nümayəndəsi kimi bu hadisəni Siz necə dəyərləndirirsiniz, fikrinizcə, əmanətlərin sığortalanması bank sisteminə hansı dəyişikliklər gətirəcək?

- Məlum olduğu kimi, Azərbaycan Milli Bankı əmanətlərin sığortalanması ilə bağlı qanun layihəsi üzərində işləyərkən xarici dövlətlərin təcrübəsi yaxından araşdırılıb və bu araşdırmalar nəticəsində maraqlı nəticələr üzə çıxıb. Belə ki, həmin ölkələrdə analoji fond yaradıldıqdan sonra əmanətlərin həcmi bir neçə dəfə artıb. Oxşar tendensiyanın Azərbaycanda da təkrarlanacağı və tezliklə əhəmiyyətli həcmdə «yastığaltı» vəsaitlərin bank sisteminə cəlb olunacağı gözlənilir. Həmin vəsaitlər isə öz növbəsində banklar tərəfindən kredit formasında yenidən iqtisadiyyata qayıdacaq. Nəticədə, uzunmüddətli perspektivdə kreditlər üzrə faiz dərəcələrinin düşməsinə səbəb olacaq. Digər tərəfdən, insanlar əmanətlərini banka yatırarkən sığorta fondunun mövcudluğunu nəzərə alaraq banklar arasında etibarlılıq baxımından heç bir fərq qoymayacaq, nəticədə bu prosesdən bütün bankların faydalanacağı gözlənilir.

- Fonda üzvlük haqqı ilə bağlı ödəniləcək vəsaitlər bankların əmanətlər üzrə məsrəflərini artıracaq. Bu səbəbdən gələcəkdə əmanətlər üzrə hesablanan faiz dərəcələrinin azalmasını gözləmək olarmı?

- Fonda üzvlük hər bir bank üçün icbaridir. Birdəfəlik haqq kimi 10 min manat, il ərzində isə əmanət qalığının 0,6%-i məbləğində (hər rüb - 0,125%) xidmət haqqı ödənilməlidir. Yəni, banklar üçün əmanətlərin maya dəyəri illik 0,6% artır. Düzdür, uzunmüddətli perspektivdə, depozitlər üzrə faizlərin aşağı düşməsi mümkündür. Çünki, hazırda bazarda vəsaitin artması prosesi müşahidə olunur. Digər tərəfdən, qeyri-depozit vəsaitlərinin da bank sektoruna axını artır və banklar arasında kreditlərin verilməsi sahəsində rəqabət güclənir. Nəticədə, banklar kredit faizlərini azaltmaq məcburiyyətində qalacaq. Banklar gəlir marjalarını saxlamaq məqsədilə depozit faizlərini də azaltmağa çalışacaq. Deməli, depozitlər üzrə faiz dərəcələrinin azalması sığortalanma məsrəfi ilə deyil, daha cox banklardakı pul kütləsinin genişlənməsi amili ilə bağlı olacaq.

- Sığortalanacaq əmanətlər üzrə kompensasiyanın məbləğinin məhdudlaşdırılması son nəticədə bankların iri müştərilərinin sayının azalmasına təsir göstərə bilərmi? Çünki 5-10 min dollar və ya daha böyük həcmdə əmanəti olan müştəri üçün bu vəsaiti daha kiçik həcmli əmanətlərə bölüşdürərək bir neçə bankda saxlaması daha etibarlıdır.

- Düzdür, hazırda bütün banklar üçün iri əmanətçilərin prosesə necə reaksiya verəcəyi maraqlıdır. Lakin şəxsən mən hesab edirəm ki, əgər bu günədək, yəni Sığorta Fondu olmadan hər hansı əmanətçi bizim banka, məsələn, 50 min dollarlıq əmanətini etibar edibsə, deməli bu, onun «Rabitəbank»a etimad etdiyinin göstəricisidir. Bu müştərinin bundan sonra da həmin bankla əməkdaşlığı davam etdirəcəyi daha inandırıcıdır. Lakin müştərinin əmanətini diversifikasiya edəcəyi də - vəsaitlərini bir neçə bankda yerləşdirəcəyi istisna olunmur. Bütün bunlar artıq bankların müştərisi olan əhali kütləsinə aiddir. Bu baxımdan əmanətin sığortalanmasında kompensasiya məhdudiyyəti faktoru daha çox yeni müştərilərə təsir göstərə bilər. Ümumilikdə, Fondun yaradılmasını müsbət addım kimi qiymətləndiririk və bunun əhalinin bank sektoruna etimadının artmasına təsir edəcəyini düşünürük.

- Gələn il «Rabitəbank»ın yaranmasının 15-ci ildönümü tamam olur. Fikrinizcə, ötən dövr ərzində bank hansı nailiyyətlər əldə edib?

- Hələ 1993-cü ildə yaradılan «Rabitəbank» bu müddət ərzində Azərbaycanın ən iri banklarından birinə çevrilib. Hazırda bankın respublika üzrə 14 filialı fəaliyyət göstərir ki, bunun da 9-u ölkənin əsas regionlarını, qalan 5-i isə Bakı şəhərini əhatə edir. Bu o deməkdir ki, biz filial şəbəkəsi vasitəsilə Azərbaycanın bütün iri şəhərləri və bölgələrini, bütün müştəri auditoriyasının əhatə edilməsinə nail olmuşuq.
Bundan başqa, ötən dövr ərzində bankda bir neçə əlamətdar hadisə baş verib. Bunlardan biri «Rabitəbank»ın beynəlxalq maliyyə institutları ilə sıx əməkdaşlıq əlaqələri yaratmasıdır. Belə ki, hazırda bizim bank Beynəlxalq Maliyyə Korporasiyası, Avropa Yenidənqurma və İnkişaf Bankı, İslam İnkişaf Bankı ilə məhsuldar əməkdaşlıq edir. Bu da öz növbəsində xarici investorların «Rabitəbank»a göstərdiyi etimadı əks etdirir. Sadalanan beynəlxalq qurumlar tərəfindən banka bir neçə irihəcmli kredit xətti açılıb.
Bu əməkdaşlıq həm müştəri bazası baxımından, həm də yeni məhsulların tətbiqi baxımından bank qarşısında daha yeni perspektivlər açıb. Bu gün bankımız hüquqi şəxslərə biznes xidmətləri, zəmanətlərin verilməsi, bank hesablarının aparılması kimi xidmətlər göstərir. Fiziki şəxslərə göstərilən xidmətlərin çeşidinə isə əmanətlərin qəbulu, sürətli pul köçürmələri, plastik kartlar üzrə xidmətlər, ümumiyyətlə, Azərbaycanın bank sistemində mövcud bütün digər xidmətlər daxildir. Hazırda «Rabitəbank»ın mövcud müştərilərinin 3 mini hüquqi şəxs, 13 mini isə fiziki şəxslərdir.
Genişlənməkdə davam edərək, artıq 2008-ci ilin sonunadək respublika üzrə daha 5 yeni filial açmağı planlaşdırırıq. Filialların 3-ü regionlarda, 2-si isə Bakı şəhərində açılacaq.

- Beynəlxalq Maliyyə Korporasiyası (IFC) ilə əməkdaşlığınız hansı prinsiplərə əsaslanır?

- «Rabitəbank» beynəlxalq maliyyə institutları ilə işləməyə başlayan ilk Azərbaycan banklarındandır. Belə ki, 1998-ci ildən IFC «Rabitəbank»la əməkdaşlıq edir və həmin vaxtdan bu günə kimi banka ayrılan kredit xətlərinin ümumi həcmi 3,2 mln. ABŞ dolları təşkil edib. Həmçinin, İFC «Rabitəbank»a təqdim etdiyi kredit xəttinin əlavəsi kimi yeni müqavilə bağlayıb ki, bu sənədə əsasən, Korporasiyaya bankın 20%-dək səhmlərinin əldə etmək hüququ verilib. Belə ki, IFC 5 il ərzində, istənilən vaxt öz kreditini bankın səhmlərinə konvertasiya edə bilər.
Bundan başqa, beynəlxalq maliyyə institutları ilə əməkdaşlığın daha bir üstünlüyü banka göstərilən texniki yardımlarla bağlıdır. Bu da kadrların inkişafı aspekti baxımından və ölkənin əmək bazarındakı vəziyyəti nəzərə aldıqda, çox vacib bir məqamdır. Texniki yardımlar bankın pul-kredit xərclərinin səmərəliliyinin artırılması üzrə treninqlərin keçirilməsinə sərf olunur. Belə ki, «Rabitəbank»a məsləhətçi xidmətlərinin göstərilməsi məqsədilə beynəlxalq təcrübəsi olan ekspertlər ayrılıb. Həmin ekspertlər bankın işçilərinə uzunmüddətli treninqlər keçir. Hazırda IFC-nin vəsaiti hesabına bankda 1 il müddətində işləyəcək, dünyanın qabaqcıl banklarında iş təcrübəsi olan xarici ekspert fəaliyyət göstərir. O, banka risklərin idarə olunması sahəsində məsləhətçi xidməti göstərir.

- Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) ilə əməkdaşlıq istiqamətində hansı nailiyyətlər əldə olunub?

- EBRD ilə əməkdaşlıq ötən il başlayıb. Belə ki, 2006-cı il noyabrın 15-də Avropa bankı ilə «Rabitəbank» arasında 4 mln. dollar həcmində kredit müqaviləsi imzalanıb. Bu vəsaitin 3 mln. dolları Azərbaycanda kiçik və orta sahibkarlıq subyektlərinin maliyyələşdirilməsinə, qalan 1 mln. dollar isə Ticarətin maliyyələşdirilməsi Proqramı çərçivəsində ayrılıb. Artıq bu kredit xəttinin əsas hissəsi müştərilərə ayrılıb. IFC ilə əməkdaşlıqda olduğu kimi, EBRD də bizim banka texniki yardımlar ayırıb. Həmin texniki yardımlar hesabına iki şirkət tərəfindən kreditlərin qiymətləndirilməsi sahəsində ekspert köməyi göstərilib. EBRD-nin Ticarətin maliyyələşdirilməsi Proqramı çərçivəsində ayrılan 1 mln. dollarlıq kredit xəttinin isə gələcəkdə daha da artırılması planlaşdırılır. Biz bu ilin sonunadək banka ayrılan kredit xəttinin istifadəsini tam yekunlaşdırmaq və növbəti il üçün yenidən Avropa bankına müraciət etmək niyyətindəyik.
Bundan başqa, «Rabitəbank» digər xarici maliyyə qurumları və investisiya fondlarından vəsaitlərin cəlb olunması istiqamətində intensiv danışıqlar aparır. Bu yaxınlarda bankımızın bir necə maliyyə institutundan əlavə vəsait cəlb edəcəyi gözlənilir. Əvvəlki layihələrdə olduğu kimi, əlavə vəsaitlərin də Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafına yönəldilməsi planlaşdırılır.

- Bundan başqa «Rabitəbank» İslam İnkişaf Korporasiyası ilə də əməkdaşlığın genişləndirilməsi üzrə danışıqlar aparır. Bu istiqamətdə artıq nəticələr əldə olunubmu?

- İslam İnkişaf Korporasiyası ilə «Rabitəbank» uzun müddətdir əməkdaşlıq edir və indiyədək banka 1,1 mln. dollar həcmində kredit xətti ayrılıb. Bu yaxınlarda isə Korporasiya tərəfindən «Rabitəbank»a ayrılan kredit xəttinin həcminin 2,1 mln. dollara çatdırılmasına dair qərar qəbul olunub. Hazırda əlavə 1 mln. dolların ayrılması ilə bağlı müvafiq müqavilənin imzalanması istiqamətində hazırlıq işləri aparılır və artıq bu ilin oktyabr-noyabr aylarında sənədin imzalanması gözlənilir. Bu vəsaitlərin də ölkədə sahibkarlığın inkişafına sərf edilməsi planlaşdırılır.

- Bu gün Azərbaycanın daxili bazarında bank təşkilatları tərəfindən müxtəlif təşkilati-hüquqi formatda həm də lizinq və sığorta xidmətləri göstərilir. «Rabitəbank»ın bu sahədə hər hansı planı varmı?

- Bu gün banka müraciət edən müştərilər təbii ki, daha çox təklif etdiyimiz yeni kredit məhsulları ilə maraqlanır. Lakin lizinqin kreditlə müqayisədə üstünlüyünü nəzərə alaraq, artıq bazarda bu maliyyə xidmətinə ciddi maraq yaranıb. Hazırda bizim banka da lizinqlə bağlı müraciət edənlər var və biz bu istiqamətdə konkret araşdırmalar aparırıq. İlkin mərhələdə bankın mövcud strukturu daxilində müvafiq departament yaratmaqla lizinq xidmətlərini göstərməyə başlaya bilərik. Lakin yaxın gələcəkdə müstəqil lizinq şirkətinin də yaradılması mümkündür.
Bununla yanaşı vurğulamaq istərdim ki, hazırda Azərbaycanda yaranmış investisiya mühiti xarici investorların ölkəmizə marağını xeyli artırıb. Azərbaycanın qonşularından olan Qazaxıstandakı investisiya bumunun ölkəmizdə təkrarlanacağı gözlənilir. Bu baxımdan «Rabitəbank»ın da investisiya şirkətinin yaradılması ilə bağlı müəyyən planları mövcuddur. Burada əsas məqsəd Azərbaycanda yaranmış iqtisadi artımdan maksimum faydalanmaq və müştərilərə investisiyanın yerləşdirilməsi ilə bağlı effektli təkliflərin təqdim edilməsidir. Artıq bu ideya üzərində «Rabitəbank» tərəfindən müəyyən işlər aparılır və bunun daha optimal reallaşması forması araşdırılır.

- Hazırda Azərbaycanda bir neçə bank özünün ipoteka kreditləşməsi proqramını hazırlayır. «Rabitəbank»ın bu sahə ilə bağlı planları varmı?

- Beynəlxalq təcrübə və Azərbaycandakı reallıqlar ipoteka kreditlərinə marağın ilbəil artdığını göstərir. Keçid dövrü yaşayan ölkələrdə isə bu, özünü daha çox büruzə verir. Artıq ipoteka bazarı banklar üçün faydalı bir maliyyə seqmentinə çevrilir və «Rabitəbank»ın da həmin məhsula marağı var. Hazırda biz bankın öz vəsaiti və beynəlxalq mənbələrdən cəlb olunacaq vəsaitlər hesabına ipoteka kreditləşməsi proqramının hazırlanması istiqamətində iş aparırıq. Düzdür, qeyri-dövlət mənbələri hesabına verilən kreditlər bir qədər bahalı olur, lakin burada maliyyələşdirmə imkanları da genişdir. Belə ki, əgər Azərbaycan İpoteka Fondundan ayrılan kreditlər üzrə maksimal illik dərəcə 8% səviyyəsində müəyyənləşibsə, alternativ kreditlərin illik 12-16% dərəcə ilə ayrılacağı gözlənilir. Lakin ölkədəki tikinti bumunu, orta təbəqənin formalaşmasını, yeni qurulan ailələrin gəlir səviyyəsinin artmasını nəzərə alsaq, ipoteka kreditlərinə də tələbatın yüksək olacağını proqnozlaşdırmaq mümkündür. Bu səbəbdən «Rabitəbank» da ipoteka kreditləşməsi bazarında fəal iştirak etmək niyyətindədir. Bunun üçün bankın daxili imkanları, beynəlxalq maliyyə təşkilatlarından cəlb edilən vəsaitlərdən aktiv istifadə edilməsi mümkündür. /APA-Economics/

Xəbərin daimi ünvanı:

http://www.apa.az/news.php?id=68522
http://economics.apa.az/news.php?id=56726




Bankomat 
Rabitabankın Bakı şəhərində və Respublikanin regionlarındakı bankomat şəbəkəsi

Plastik kartlar 
Rabitəbank ASC fiziki və hüquqi şəxslərə dünyanın ən məşhur ödəmə sistemlərinin müasir, çeşidli plastik kartlarını təklif edir.

Depozitlər 
Siz artıq Rabitabank-da öz istədiyiniz şərtlərinizə uyğun depozit secə bilərsiniz...

Pul köçürmələri 
Rabitəbank əhaliyə dünyanın istənilən nöqtəsini əhatə edən təcili pul köçürmələri üzrə xidmətlər təklif edir.



design & development: isetech