Xəbərlər 
|
 |
2007-06-20 Rabitəbank istiqrazlarının emissiyası prospekti qeydiyyata alınıb Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi Rabitəbank ASC-nın faizli adlı sənədsiz istiqrazlarının emissiya prospektini dövlət qeydiyyatına alıb. Emissiyanın həcmi 2 mln. manat, bir istiqrazın nominal dəyəri 200 manat təşkil edir, tədavül müddəti isə 450 gündür. İstiqrazlar üzrə gəlirlilik illik 14,5% səviyyəsində müəyyənləşdirilib. Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə Bakı Fond Birjası (BFB) vasitəsi ilə keçiriləcək.
İstiqrazların yerləşdirilməsində anderrayter rolunda «Azəriqazbank» Sənaye İnvestisiya Bankı çıxış edəcək. İstiqrazları əldə etmək istəyən şəxslər BFB-nin üzvü olan və broker lisenziyasına malik olan təşkilata müraciət edə bilər. Birja ekspertlərinin fikrincə, Rabitəbank-ın artıq bu ay istiqraz emissiyasının yerləşdirilməsinə başlayacağı gözlənilir.
Cari il 1 aprel tarixinə Rabitəbank aktivlərinin ümumi həcmi 49,2 milyon manat, məcmu kapitalı 11,58 milyon təşkil etmişdir. Rabitəbank filiallar şəbəkəsi 13 filialdan ibarətdir ki, onlardan 4-ü Bakıda, 8-i respublikanın regionlarında fəaliyyət göstərir.
Rabitəbank Beynəlxalq Maliyyə Korporasiyası (İFC), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) və İslam İnkişaf Bankı ilə uğurla əməkdaşlıq edir. Bu maliyyə institutları tərəfindən Banka ayrılmış kreditlərin həcmi 8,3 mln. dollar təşkil edir. Rabitəbank və İFC arasında bu ilin martında imzalanmış kredit sazişi Bankın 10%-dən 20%-dək səhmlərinin alınmasını da nəzərdə tutur.
|