1 milyon ağac hədəfinə doğru növbəti addım atdıq
Dayanıqlı gələcək bu gün atılan addımlarla formalaşır. Təbiətə qayğı isə yalnız ekoloji məsuliyyət deyil, gələcək nəsillərə verilən dəyərdir.
24 aprel tarixində Müşfiqabad qəsəbəsində keçirilən növbəti ağacəkmə aksiyasında Azərbaycan Banklar Assosiasiyası üzvü olaraq Rabitəbank komandası ilə iştirak etdik. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı (Mərkəzi Bank), Azərbaycan Banklar Assosiasiyası (ABA), Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA), Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyası, Azərbaycan Fintex Assosiasiyası (AzFina) və maliyyə sektorunu təmsil edən qurumların birgə əməkdaşlığı ilə həyata keçirilən bu təşəbbüs ölkəmizdə ekoloji tarazlığın qorunması, eyni zamanda yaşıl gələcəyin qurulması istiqamətində mühüm addımlardan biridir.
2023-cü ildə imzalanmış memorandum çərçivəsində 10 il ərzində 1 milyon ağacın əkilməsi hədəfi, əslində uzunmüddətli dayanıqlı inkişaf baxışının real təzahürüdür. Bu təşəbbüsə qoşulmaq və onun bir parçası olmaq Rabitəbank üçün korporativ sosial məsuliyyət yanaşmasının mühüm istiqamətlərindən biridir.
Biz hər zaman inanırıq ki, gələcəyə qoyulan ən dəyərli investisiyalardan biri təbiətə edilən sərmayədir. Bu gün əkilən hər ağac sabah üçün daha sağlam ekosistem, daha yaşıl mühit və daha məsuliyyətli gələcək deməkdir.