Rabitəbankdan uşaqlar üçün sevinc, cəmiyyət üçün ümid
1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Rabitəbank olaraq həyata keçirdiyimiz “Möcüzə Yarmarkası” adlı sosial layihə sevgi və ümid dolu bir görüşlə yekunlaşdı. Layihənin son mərhələsində “Ümid Yeri” Uşaq Sığınacağında yaşayan uşaqları ziyarət edərək onlarla birlikdə unudulmaz bir gün keçirdik.
Ziyarət zamanı uşaqlara müxtəlif hədiyyələr təqdim etdik, birlikdə bayram tortu kəsdik və onların sevincini artıracaq əyləncəli oyunlar təşkil etdik. Bu görüş sığınacaqda yaşayan uşaqlar üçün yalnız əyləncəli bir gün deyil, eyni zamanda onlara dəyər verildiyini hiss etdikləri, mənəvi baxımdan dəyərli bir təcrübəyə çevrildi.
“Möcüzə Yarmarkası” layihəsində əməkdaşlarımız və onların övladları fəal şəkildə iştirak etdilər. Yarmarka çərçivəsində uşaqlar öz əl işlərini və müxtəlif məhsulları təqdim edərək satışını təşkil etdilər. Toplanan vəsait isə birgə qərarla “Ümid Yeri” Uşaq Sığınacağında yaşayan balacalar üçün hədiyyələr alınmasına sərf olundu.
Bu təşəbbüslə bir daha nümayiş etdirdik ki, sosial məsuliyyət bizim üçün yalnız maddi dəstək göstərmək deyil, həm də mənəvi bağlar qurmaq, cəmiyyətin həssas qruplarının yanında olmaqdır. Layihə həm də bank kollektivimiz üçün mənəvi zənginlik və həmrəylik ruhunun gücləndiyi bir təcrübə oldu.
Rabitəbank olaraq fəaliyyətimiz boyunca cəmiyyətə töhfə verməyə, müxtəlif sosial layihələr vasitəsilə fərqli təbəqələrə dəstək göstərməyə davam edirik. “Möcüzə Yarmarkası” təşəbbüsü ilə həm uşaqlara sevinc bəxş etdik, həm də cəmiyyətə birlik və ümid mesajı verdik.