Uşaqların Beynəlxalq Müdafiəsi Gününə özəl sosial məsuliyyət təşəbbüsü
1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Rabitəbank olaraq sosial məsuliyyətə və ailə dəyərlərinə olan sadiqliyimizi bir daha nümayiş etdirdik. Gələcəyimizin təminatçıları olan uşaqların maariflənməsi və sağlam cəmiyyətin qurulması istiqamətində silsilə tədbirlərdən ibarət xüsusi layihə həyata keçirdik.
Təşəbbüsümüzün əsas məqsədi uşaqlarda maliyyə savadlılığını artırmaqla yanaşı, sahibkarlıq ruhunun formalaşdırılması, paylaşma və sosial məsuliyyət kimi vacib dəyərlərin aşılanması oldu. İki mərhələdən ibarət olan bu layihə həm öyrədici, həm də mənəvi baxımdan zəngin bir təcrübə yaratdı.
Layihənin ilk mərhələsində əməkdaşlarımızın övladları üçün maliyyə savadlılığı üzrə xüsusi təlim təşkil etdik. Uşaqlar interaktiv oyunlar, real həyat simulyasiyaları və əyləncəli tapşırıqlar vasitəsilə pulun düzgün idarə olunması, qənaət, büdcə planlaması və məsuliyyətli xərcləmə kimi həyati vacib bacarıqları mənimsədilər.
İkinci mərhələdə isə uşaqlar qazandıqları bilikləri praktikada tətbiq etdilər. “Möcüzə Yarmarkası” adlı tədbirdə iştirak edən balacalar, öz hazırladıqları əl işlərini və məhsulları bank əməkdaşlarına təqdim etdilər. Bu prosesdə onlar satış bacarıqları, müştəri məmnuniyyəti və təşəbbüskarlıq kimi əsas anlayışlarla yaxından tanış oldular. Təcrübə uşaqların sahibkarlığa marağını artırmaqla yanaşı, onların özünəinam hissini də gücləndirdi.
Layihənin ən təsirli anlarından biri isə uşaqların və valideynlərinin əldə olunan gəlirin bir hissəsini uşaq sığınacağında yaşayan həmyaşıdları üçün hədiyyələr almağa sərf etməsi oldu. Bu addım layihəmizin yalnız iqtisadi deyil, həm də sosial və mənəvi dəyərlərə söykəndiyini bir daha ortaya qoydu. Uşaqlar paylaşma və sosial məsuliyyət hissini real həyatda tətbiq edərək cəmiyyətə faydalı fərdlərə çevrilmək yolunda mühüm bir addım atdılar.
Rabitəbank olaraq biz hər zaman gələcək nəslin həm maliyyə biliklərini, həm də mənəvi dəyərlərini inkişaf etdirmək istiqamətində fəaliyyət göstəririk. Uşaqlara yönəlmiş təhsil təşəbbüslərimizdə maliyyə bacarıqları ilə yanaşı, sosial məsuliyyət hissinin aşılanmasını da prioritet hesab edirik. Gələcəkdə də bu istiqamətdə innovativ və təsirli proqramlarla cəmiyyətin inkişafına və güclü nəsillərin formalaşmasına töhfə verməyə davam edəcəyik.