“ECO Ticarət və İnkişaf Bankı” ilə MSME maliyyələşdirmə sazişi imzaladıq
Rabitəbank mikro, kiçik və orta sahibkarlığın (MSME) inkişafına dəstək göstərmək məqsədilə “ECO Ticarət və İnkişaf Bankı” ilə yeni maliyyələşdirmə sazişi imzalayıb.
Bu saziş çərçivəsində Rabitəbank sahibkarların maliyyə resurslarına çıxış imkanlarını genişləndirəcək, onların biznes təşəbbüslərinin reallaşdırılmasına və ölkə iqtisadiyyatında dayanıqlı artıma töhfə verəcək. Yeni maliyyələşdirmə xətti həmçinin məşğulluğun artırılmasına, innovasiya təşəbbüslərinin dəstəklənməsinə və regionlarda sahibkarlığın inkişafına xidmət edəcək.
Rabitəbankın İdarə Heyətinin Sədri Aydın Hüseynov bu əməkdaşlıqla bağlı bildirib ki;
“Rabitəbank olaraq hər zaman sahibkarların yanında olmuşuq. ECO Ticarət və İnkişaf Bankı ilə imzaladığımız bu saziş biznes mühitinə əlavə dəyər qatacaq və daha çox sahibkarın böyüməsinə, yeni iş yerlərinin yaradılmasına şərait yaradacaq. İnanırıq ki, bu əməkdaşlıq Azərbaycanın daha güclü və inklüziv maliyyə ekosisteminin formalaşmasına xidmət edəcək.”
ECO Ticarət və İnkişaf Bankı ilə əməkdaşlıq Rabitəbankın beynəlxalq tərəfdaşlıq şəbəkəsini gücləndirməklə yanaşı, ölkənin strateji iqtisadi hədəflərinə də dəstək verir.