Rabitəbank olaraq Ramazan və Novruz bayramı ərəfəsində şəhid ailələrini ziyarət etdik
Rabitəbank olaraq korporativ sosial məsuliyyət strategiyamız çərçivəsində cəmiyyətin həssas qruplarına dəstəyimizi davam etdiririk. Müqəddəs Ramazan və Novruz bayramları ərəfəsində 100 şəhid ailəsini ziyarət etdik.
Təşəbbüsümüz Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi və yerli icra hakimiyyəti orqanlarının təşkilati dəstəyi ilə həyata keçirildi. Quba və Qusar rayonlarında II Qarabağ müharibəsi şəhidlərinin ailələri ilə görüşlər təşkil etdik və onlara Ramazan bayramına özəl hazırlanmış sovqatlar təqdim etdik.
Ziyarətlər zamanı şəhid ailələrini bayram münasibətilə təbrik etdik, Vətən uğrunda canlarını fəda edən qəhrəmanlarımızın əziz xatirəsini dərin ehtiramla yad etdik. Bizim üçün bu təşəbbüs yalnız sosial dəstək deyil, eyni zamanda onların yanında olduğumuzu göstərmək, mənəvi dəyərlərimizi qorumaq və cəmiyyət olaraq birliyimizi ifadə etməkdir.
Rabitəbank olaraq fəaliyyətimiz boyunca şəhid ailələri və qazilərə yönəlmiş sosial layihələr həyata keçirmiş, onların rifahının yaxşılaşdırılması istiqamətində ardıcıl addımlar atmışıq. Bu istiqamətdə təşəbbüslərimizi gələcəkdə də davam etdirmək əsas prioritetlərimizdən biridir.
“Rahat bankçılıq” prinsipi ilə yanaşı, cəmiyyətə dəyər qatmağı da fəaliyyətimizin ayrılmaz hissəsi hesab edirik və sosial məsuliyyət təşəbbüslərimizlə bu dəyərləri yaşatmağa davam edirik.