“Rabitəbank” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcək
“Rabitəbank” ASC-nin Müşahidə Şurasının 21 aprel 2026-cı il tarixli 23 nömrəli qərarına əsasən, Bankın səhmdarlarının növbəti illik ümumi yığıncağı 5 iyun 2026-cı il tarixində saat 17:00-da keçiriləcək.
Ümumi yığıncaqda “Rabitəbank” ASC-nin fəaliyyəti ilə bağlı mühüm korporativ idarəetmə məsələlərinin müzakirəsi nəzərdə tutulur.
Yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:
1. “Rabitəbank” ASC-nin kənar auditor tərəfindən təsdiqlənmiş 2025-ci il üzrə maliyyə hesabatının və idarəetmə hesabatının təsdiq edilməsi;
2. “Rabitəbank” ASC səhmdarlarının ümumi yığıncağının əsasnaməsinin yenilənməsinin təsdiq edilməsi;
3. Digər məsələlər.
Yığıncaq Bakı şəhəri, Füzuli küçəsi 71 ünvanında, “Rabitəbank” ASC-nin inzibati binasında keçiriləcək.
Səhmdarların ümumi yığıncağı Bankın korporativ idarəetmə prinsiplərinə uyğun olaraq fəaliyyət nəticələrinin nəzərdən keçirilməsi, hesabatlılığın təmin olunması və idarəetmə çərçivəsinin təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Məlumat üçün bildirək ki, “Rabitəbank” ASC 1993-cü ildən etibarən fəaliyyət göstərir və “Rahat bankçılıq” konsepsiyası əsasında müştərilərinə müasir və əlçatan maliyyə xidmətləri təqdim edir. Bankın nizamnamə kapitalı 101,3 milyon manatdır. Ölkə üzrə geniş filial şəbəkəsi, rəqəmsal bankçılıq həlləri və peşəkar komandası ilə Rabitəbank müştərilərinə dəyər yaradan xidmətlər təqdim etməyə davam edir. Bankın əsas səhmdarları “Azərbaycan Banklar Assosiasiyası”nın prezidenti Nuriyev Zakir Əlibala oğlu və iş adamı, sahibkar Əliyev Rauf Zeynal oğludur.
Hal-hazırda “Rabitəbank” ASC 19 region və Bakı şəhəri üzrə ümumilikdə 31 xidmət məntəqəsi, 78 ATM-i, “Rabita Mobile”, “Rabita Junior” və “Rabita Business” tətbiqləri, İnternet Bankçılıq platforması və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.