Bütün elanlar
1 İyul, 2025

Rabitəbankda risklərin idarə edilməsi departamentinə yeni direktor təyin olundu

1 iyul 2025-ci il tarixində Cavidan Eldarlı “Rabitəbank” ASC-nin Risklərin İdarə Edilməsi Departamentinin direktoru vəzifəsinə təyin olunub.

Cavidan Eldarlı maliyyə və risklərin idarə edilməsi sahəsində dərin bilik və zəngin təcrübəyə malik mütəxəssisdir. O, 2013-cü ildə Azərbaycan Dövlət Aqrar Universitetinin Dünya İqtisadiyyatı ixtisası üzrə “Xüsusi İstedadlar Qrupu”nda bakalavr, 2015-ci ildə isə İqtisadiyyat ixtisası üzrə magistr dərəcələrini fərqlənmə diplomları ilə başa vurmuşdur. 2016-2020-ci illərdə həmin universitetdə Sahə İqtisadiyyatı ixtisası üzrə doktorantura təhsili almışdır.
Beynəlxalq təcrübəyə malik olan Cavidan Eldarlı, 2012-ci ilin yayında ABŞ hökumətinin SUSI təqaüd proqramı çərçivəsində Alabama Universitetində “Civic Engagement” mövzusunda sertifikat proqramını bitirmiş, 2016-2017-ci illərdə isə Erasmus Mundus təqaüdü ilə Yunanıstanın Aleksandr Texniki Təhsil İnstitutunda (ATEI) elmi fəaliyyətini davam etdirmişdir. Eyni zamanda, Böyük Britaniyanın nüfuzlu ACCA sertifikasiya proqramının 10 pilləsi üzrə sertifikat alaraq beynəlxalq maliyyə standartları sahəsində də ixtisaslaşmışdır.
Cavidan Eldarlı öz peşəkar karyerası ərzində bir sıra nüfuzlu qurumlarda məsul vəzifələrdə çalışmışdır. O, 2013-2015-ci illərdə Unibank KB ASC-də Mikromaliyyələşdirmə departamentində müxtəlif vəzifələrdə çalışmış, 2018-2019-cu illərdə Azərbaycan Supermarket MMC-də maliyyə analitiki olmuşdur. 2019-2024-cü illərdə isə Azərbaycan Mərkəzi Bankında Risklərin İdarəedilməsi və Kredit Təşkilatlarının Fəaliyyətinə Nəzarət departamentlərində fəaliyyət göstərmişdir. 2024-cü ilin iyul ayından 2025-ci ilin iyun ayınadək Milli Depozit Mərkəzinin Risklərin İdarəedilməsi və Komplayens Şöbəsinin müdiri vəzifəsində çalışıb.
Bundan əlavə, 2019-cu ildən bugünədək Azərbaycan Dövlət İqtisad Universitetində pedaqoji fəaliyyətlə də məşğuldur.
Cavidan Eldarlının Rabitəbank komandasına qoşulması bankın risklərin idarə olunması strategiyasının daha da gücləndirilməsinə və beynəlxalq təcrübənin tətbiqinə mühüm töhfə verəcəkdir.
Cavidan bəyə yeni vəzifəsində uğurlar arzulayırıq!