Şahlar Muradlı Rabitəbankın Özəl Bankçılıq şöbəsinin rəisi vəzifəsinə təyin olunub.
Bank sektorunda 12 ildən artıq peşəkar təcrübəyə malik olan Şahlar Muradlı yeni vəzifəsində özəl bankçılıq xidmətlərinin inkişafı, yüksək gəlirli müştərilərlə uzunmüddətli münasibətlərin qurulması və idarə olunması, fərdiləşdirilmiş maliyyə həllərinin təqdim edilməsi, eləcə də şöbənin strateji hədəflərinin həyata keçirilməsinə rəhbərlik edəcək.
Şahlar Muradlı peşəkar fəaliyyətinə bank sektorunda başlayıb və müxtəlif istiqamətlər üzrə rəhbər vəzifələrdə çalışaraq müştəri münasibətlərinin idarə edilməsi, satış strategiyalarının formalaşdırılması və biznesin inkişafı sahələrində zəngin təcrübə qazanıb.
Məlumat üçün bildirək ki, “Rabitəbank” ASC 1993-cü ildən etibarən fəaliyyət göstərir və “Rahat bankçılıq” konsepsiyası əsasında müştərilərinə müasir və əlçatan maliyyə xidmətləri təqdim edir. Bankın nizamnamə kapitalı 101,3 milyon manatdır. Ölkə üzrə geniş filial şəbəkəsi, rəqəmsal bankçılıq həlləri və peşəkar komandası ilə Rabitəbank müştərilərinə dəyər yaradan xidmətlər təqdim etməyə davam edir. Bankın əsas səhmdarları “Azərbaycan Banklar Assosiasiyası”nın prezidenti Nuriyev Zakir Əlibala oğlu və iş adamı, sahibkar Əliyev Rauf Zeynal oğludur.
Hal-hazırda “Rabitəbank” ASC 19 region və Bakı şəhəri üzrə ümumilikdə 31 xidmət məntəqəsi, 78 ATM-i, “Rabita Mobile”, “Rabita Junior” və “Rabita Business” tətbiqləri, İnternet Bankçılıq platforması və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.