Bütün elanlar
1 İyun, 2026

Rabitəbank və “İnnovasiyalar Mərkəzi” şəhid övladları üçün “ZƏFƏRİN GƏLƏCƏYİ” layihəsini həyata keçirib

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Rabitəbank” ASC və  Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin təşkilatçılığı, “Bilim Quba” mərkəzinin təşkilati dəstəyi ilə Quba rayonunda şəhid övladları üçün “Zəfərin gələcəyi” layihəsi həyata keçirilib. Bakı şəhəri ilə yanaşı, Quba, Qusar və Xaçmaz rayonlarından 100-ə yaxın şəhid övladının iştirak etdiyi layihədə uşaqlar elm, texnologiya və yaradıcılıqla zəngin, eyni zamanda əyləncəli və yaddaqalan bir gün keçiriblər.
    Layihə çərçivəsində yaradılan səmimi və pozitiv mühit uşaqların həm öyrənməsinə, həm də xoş vaxt keçirməsinə şərait yaradıb. Tədbir zamanı uşaqlar riyaziyyat, dizayn, təbiət elmləri, texnologiya və astronomiya sahələrində keçirilən interaktiv məşğələlərə qoşulub, müxtəlif təcrübələr apararaq elmin maraqlı tərəflərini yaxından kəşf ediblər. Onlar teleskop vasitəsilə müşahidələr aparıb, elmi eksperimentlərdə iştirak edib, intellektual oyunlarda qüvvələrini sınayıb və komanda fəaliyyətləri zamanı yeni dostluqlar qazanıblar.
    Eyni zamanda uşaqlara maliyyə savadlılığı, qənaət vərdişlərinin formalaşdırılması və maliyyə resurslarından səmərəli istifadə etməyin əhəmiyyəti izah olunub. Bu fəaliyyət uşaqlarda erkən yaşlardan maliyyə məsuliyyətinin formalaşdırılmasına töhfə verib.
    “Zəfərin gələcəyi” layihəsi bir daha göstərib ki, uşaqların öyrənmək həvəsini dəstəkləmək, onların dünyagörüşünü genişləndirmək və gələcəyə inamını gücləndirmək cəmiyyətin ən vacib investisiyalarından biridir.  Layihənin sonunda iştirakçılar üçün əyləncəli proqram təşkil olunub, onlar birlikdə cizgi filmi izləyərək günü xoş təəssüratlar və unudulmaz xatirələrlə başa vurublar.
    Məlumat üçün bildirək ki, “Rabitəbank” ASC 1993-cü ildən etibarən fəaliyyət göstərir və “Rahat bankçılıq” konsepsiyası əsasında müştərilərinə müasir və əlçatan maliyyə xidmətləri təqdim edir. Bankın nizamnamə kapitalı 101,3 milyon manatdır. Ölkə üzrə geniş filial şəbəkəsi, rəqəmsal bankçılıq həlləri və peşəkar komandası ilə Rabitəbank müştərilərinə dəyər yaradan xidmətlər təqdim etməyə davam edir. Bankın əsas səhmdarları “Azərbaycan Banklar Assosiasiyası”nın prezidenti Nuriyev Zakir Əlibala oğlu və iş adamı, sahibkar Əliyev Rauf Zeynal oğludur.

    Hal-hazırda “Rabitəbank” ASC 19 region və Bakı şəhəri üzrə ümumilikdə 31 xidmət məntəqəsi, 78 ATM-i, “Rabita Mobile”, “Rabita Junior” və “Rabita Business” tətbiqləri, İnternet Bankçılıq platforması və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.