Rabitəbank müştəriləri üçün kartdan-karta köçürmələrdə dəyişiklik
Rəqəmsal ödənişlər sahəsində təhlükəsizliyin və şəffaflığın gücləndirilməsi istiqamətində tətbiq edilən yeni tələblərə uyğun olaraq, 1 avqust 2026-cı il tarixindən etibarən kart əməliyyatlarının həyata keçirilməsi qaydalarında müəyyən dəyişikliklər qüvvəyə minib. Rabitəbank olaraq müvafiq tələblərə uyğun mobil tətbiq üzərindən kartdan-karta (C2C) köçürmələr üçün yeni funksionallıq təqdim edirik.
Dəyişikliyə əsasən, Rabita Mobile tətbiqi vasitəsilə C2C köçürməsi həyata keçirən zaman müştəri əməliyyatın təyinatını qeyd etməlidir.
Bunun üçün tətbiqdə üç seçim təqdim olunur:
• Mal alışı
• Xidmət alışı
• Şəxsi və digər köçürmələr
“Şəxsi və digər köçürmələr” seçildiyi halda, müştəri köçürmənin məqsədini açıqlayan minimum 10 simvoldan ibarət qısa məlumat daxil etməlidir. Yeni funksionallıq köçürmələrin təyinatının daha dəqiq müəyyənləşdirilməsinə, əməliyyatların şəffaflığının artırılmasına və rəqəmsal ödəniş mühitində təhlükəsizliyin gücləndirilməsinə xidmət edir.
Qeyd edək ki, kartdan-karta pul köçürmələrinə ümumi qadağa və ya məhdudiyyət tətbiq edilmir. Ödəniş alətləri üzrə mədaxil əməliyyatlarına dair məhdudiyyətlər banklar və elektron pul təşkilatları tərəfindən risk əsaslı yanaşma çərçivəsində müəyyənləşdirilir. Tətbiq edilən yanaşmaya əsasən, kartlara mədaxil və kartdan-karta köçürmələr üzrə bir gün ərzində maksimum 5 əməliyyat nəzərdə tutulur. Bununla yanaşı, gündəlik əməliyyatların ümumi məbləği üzrə limit müəyyən edilməyib, kartdan-karta köçürmələrin ümumi məbləği üzrə isə aylıq 20 000 AZN limit tətbiq olunur. Ödəniş aləti istifadəçiləri əvvəlki qaydada ödəniş alətlərindən istifadə etməklə məxaric əməliyyatlarını həyata keçirə bilərlər. Eyni zamanda, şəxsin öz hesabları arasında həyata keçirdiyi mədaxil əməliyyatları, eləcə də yaxın qohumlar tərəfindən həyata keçirilən mədaxillər qeyd olunan məhdudiyyətlərə şamil edilmir.
Rabitəbank rəqəmsal bankçılıq xidmətlərini müasir təhlükəsizlik tələblərinə uyğun şəkildə təkmilləşdirməklə yanaşı, müştərilər üçün gündəlik maliyyə əməliyyatlarının rahat və funksional şəkildə həyata keçirilməsi istiqamətində həllərini davamlı olaraq inkişaf etdirir.
Məlumat üçün bildirək ki, “Rabitəbank” ASC 1993-cü ildən etibarən fəaliyyət göstərir və “Rahat bankçılıq” konsepsiyası əsasında müştərilərinə müasir və əlçatan maliyyə xidmətləri təqdim edir. Bankın nizamnamə kapitalı 101,3 milyon manatdır. Ölkə üzrə geniş filial şəbəkəsi, rəqəmsal bankçılıq həlləri və peşəkar komandası ilə Rabitəbank müştərilərinə dəyər yaradan xidmətlər təqdim etməyə davam edir. Bankın əsas səhmdarları “Azərbaycan Banklar Assosiasiyası”nın prezidenti Nuriyev Zakir Əlibala oğlu və iş adamı, sahibkar Əliyev Rauf Zeynal oğludur.
Hal-hazırda “Rabitəbank” ASC 19 region və Bakı şəhəri üzrə ümumilikdə 31 xidmət məntəqəsi, 78 ATM-i, “Rabita Mobile”, “Rabita Junior” və “Rabita Business” tətbiqləri, İnternet Bankçılıq platforması və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.