Bütün elanlar
“Rabitəbank” ASC-nin sponsorluğu ilə çap edilən “Maliyyə İqtisadiyyatı” kitabı təqdim edildi.
25 Yanvar, 2023

“Rabitəbank” ASC-nin sponsorluğu ilə çap edilən “Maliyyə İqtisadiyyatı” kitabı təqdim edildi.

Maliyyə savadlılığının artırılmasının daim dəstəkçilərindən biri kimi çıxış edən “Rabitəbank” ASC-nin sponsorluğu və “Azərbaycan Dövlət İqtisad Universitetinin” təşkilatçılığı ilə Prof. Zahid Fərrux Məmmədov və Dos. Dr. Aydın Hüseynovun birgə müəllifliyi ilə ərsəyə gələn “Maliyyə İqtisadiyyatı” kitabının təqdimatı baş tutub. Kitabın elmi redaktoru İqtisad Universitetinin rektoru, professor Ədalət Muradov, məsləhətçisi Azərbaycan Banklar Assosiasiyasının (ABA) rəhbəri Zakir Nuriyevdir.

Təqdimat mərasimində Milli Məclisin komitə sədri Sadiq Qurbanov, professor Ədalət Muradov, Rabitəbankın Müşahidə Şurasının sədri, ABA-nın rəhbəri Zakir Nuriyev, dövlət və özəl qurumların rəhbərləri, professor və müəllimlər iştirak ediblər.

Çıxış üçün söz verilən Ə.Muradov müasir tələblərə cavab verən nəzəri və praktiki biliklərin tələbələrə balanslı şəkildə ötürülməsində “Maliyyə iqtisadiyyatı” kitabının mühüm rol oynayacağından əminliyini ifadə edib.

Rabitəbankın Müşahidə Şurasının sədri, ABA-nın rəhbəri Zakir Nuriyev müasir çağırışlara cavab verən kitabın sadə və anlaşılan dildə yazılmasının tələbələr üçün önəmini vurğulayıb. O, tələbələrin maliyyə sahəsi üzrə bilik və bacarıqlarının artırılmasında kitabın özünəməxsus töhfələr qazandıracağını bildirib.

Milli Məclisin Komitə sədri Sadiq Qurbanlı kitabın ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürünü bildirərək, orijinallığı ilə fərqlənən kitabın maliyyə və bankçılıq sahəsi üzrə qiymətli əsər olduğunu bildirib.

Rabitəbankın İdarə Heyətinin sədri, dosent Aydın Hüseynov universitet-sənaye əməkdaşlığı nəticəsində ərsəyə gələn kitabdakı mövzuların hazırlanması prosesində beynəlxalq təcrübədən istifadə olunduğunu, anlayışların izahlı şərhinin isə müasir Azərbaycan bank sisteminin təcrübəsinə əsaslanaraq verildiyini deyib.

Təqdimat Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin rəis müavini Mirəli Kazımov, BDU-nun kafedra müdiri, professor Kamil Səlimov və digər iştirakçıların çıxışları ilə davam edib.

“Rabitəbank” ASC Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 74 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet Bankçılıq platforması və “RabitaBot” çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.